Küçədə göyərçinləri yemləyənlər CƏRİMƏLƏNƏCƏK

08:05 19.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Mumbay şəhərində ictimai yerlərdə göyərçinlərin bəslənməsini qadağan edən məhkəmə qərarı bələdiyyə məmurları, ictimai səhiyyə müdafiəçiləri və quş həvəskarları arasında böyük böhrana səbəb olub.

Hafta.az-ın yazdığına görə, bu ayın əvvəlində yüzlərlə insan onilliklər boyu fəaliyyət göstərən “kabutarxana”nın (göyərçin yemləmə sahəsi) bağlanmasına qarşı çıxmaq üçün iki dəfə polislə toqquşdu. Etirazçılar sədləri yıxıb və qeyri-müəyyən aclıq aksiyası keçirməklə hədələyiblər, təxminən 15 nəfər saxlanılıb. Qadağa göyərçin zibilinin sağlamlıq üçün yaratdığı risklərə əsaslanıb.

Tədqiqatlar göstərir ki, göyərçin nəcisi pnevmoniya, göbələk infeksiyaları və daimi tənəffüs problemlərinə səbəb ola bilər.

Hindistanda göyərçinlərin sayı 2000-ci ildən bəri 150 faizdən çox artaraq ciddi ekoloji və sağlamlıq problemləri yaradıb.

2023-cü il "Hindistanın Quşlarının Vəziyyəti" hesabatına görə, hər bir göyərçin ildə 15 kiloqrama qədər nəcis ata bilir. Keçən il Dehlidə bir uşağın uzun müddət göyərçin zibilinə məruz qaldıqdan sonra ölməsi mütəxəssislərin xəbərdarlıqlarını gücləndirdi.

Göyərçinlər Hindistanın mədəni həyatında mühüm yer tutur. Göyərçin yemləmə səhnələri filmlərdən tutmuş gündəlik həyata qədər bir çox sahədə yayılıb. Bəzi kəbutarxanalar tarixi və xeyriyyəçilik məqsədləri ilə tanınırlar.

Göyərçinləri bəsləmək, xüsusən də Jain icması üçün dini bir vəzifə hesab olunur. Nəticədə, Mumbaydakı qadağa dini dairələrin sərt tənqidinə səbəb olub.

Munbay Ali Məhkəməsi ictimai sağlamlığın "prioritetini" vurğulayaraq qadağaya qarşı işi rədd edib. Bununla belə, o, həmçinin alternativ tövsiyələr hazırlamaq üçün ekspertlər qrupunun yaradılmasını xahiş edib.

Heyvan hüquqları təşkilatı PETA Hindistan quşları təyin olunmuş səhər və axşam saatlarında məhdud qidalandırmağı tövsiyə edir. Bunun həm gigiyenanı təmin edəcəyini, həm də insanlarla quşlar arasındakı bağı qoruyacağını müdafiə edir.